banner
banner

Hər kəs bu kitabda özünü görə bilər...

Hər kəs bu kitabda özünü görə bilər...
Yazar: Kənan Hacı

Azərbaycan jurnalistikası ən qaynar çağlarını bilgisayarın, internetin, sosial şəbəkələrin olmadığı çətin bir dövrdə yaşadı.

O zamanlarda jurnalistlər xəbəri quş dimdiyində yuvasına dən daşıyan kimi daşıyıb gətirirdilər. Bu dövr həm də müstəqil jurnalistikanın inkişaf dövrü idi. Bu illər mediamıza parlaq imzalar bəxş etdi. Məmməd Nazimoğlu, Elçin Səlcuq, Adil Qaçayoğlu, Zöhrab Əmirxanlı... Çox adlar çəkə bilərəm, amma bu imzaların hər biri jurnalistikada özünün məktəbini yaratmışdı və əli yenicə qələm tutmağa başlayan bizlər necə yazmağı məhz onlardan öyrəndik.

Sonrakı illərdə bu inkişaf tempi getdikcə azaldı və həm də jurnalistika keyfiyyətcə yeni bir mərhələyə adladı. İkimininci illərin jurnalistikası artıq fərlqi kriteriyalar üzərində formalaşdı. Texnika inkişaf etdikcə “oturaq jurnalistika” öz səngərini informasiyanın gerçək məkanında yox, bilgisayarın arxasında qurdu. İnformasiya belə demək caizsə, “ucuzlaşdı”, əl çatan oldu. Jurnalistikada baş girələyənlər, bu sahəni dədə malı kimi öz aralarında bölüşənlər göbələk kimi artdı. Hər yazını ürəyinin qanıyla yazan jurnalistlərin bir çoxu inzivaya çəkildilər, bu boz-bulanıq mənzərənin bir parçasına çevrilmək istəmədilər, özlərini qorudular.

Belə bir vaxtda jurnalistikada imzasını brendə çevirmək hər oğulun işi deyildi. Bunun üçün istedad, zəhmət və həm də fədakarlıq tələb olunurdu. O, bunu bacardı. Bu gün Azərbaycan jurnalistikasında Elbrus Ərud imzası kimə tanış deyil ki?!

Onun bu günlərdə çapdan çıxmış “Anne annem” kitabını çox böyük maraqla oxudum və zövq aldım. Əslində bu yazıların əksəriyyəti mənə tanışdır, onları Elbrusun rəhbərlik etdiyi “Qafqazinfo.az” saytında oxumuşdum. Amma sənə tanış yazıları kitabdan oxumağın ləzzəti bir ayrıdır. Mən hətta on il bundan öncə “Ulduz” jurnalında oxuduğum “Qurbanlıq qoçun ölümü” hekayəsini də yenidən oxudum. Mən Elbrusu məhz bu hekayəsiylə tanımışam. Amma nə üçünsə Elbrus sonralar bədii yaradıcılığa davam etmədi. Amma bu kitabdakı hekayə dadında yazıları oxuyanda onun nə vaxtsa yenidən nəsrə qayıdacağına inandım. Məni ən çox duyğulandıran “Dayça” çox gözəl bir hekayədir. “Azərbaycanın hərb müəllimi”, “Oxunmamış məktub”, “Kirayə evlər”, “25 yaşlı Seva” yazılarını mən hekayə kimi oxudum. Fərqli insan talelərini lakonik və təsirli dildə əks etdirən bu hekayətlərin hər biri ürək yanğısıyla yazılıb. Həcmi çox da böyük olmayan bu yazılar əslində böyük mətləbləri özündə ehtiva edir. Təsvir olunan hadisələrin hər biri bir romanın mövzusudur.

Kitabdakı yazıları oxuduqca onun nəsrdən uzaq düşməsinin səbəbi mənə aydın oldu, Elbrus bu illər ərzində jurnalistikanın itirilmiş nüfuzunu özünə qaytarmaqla məşğul olub; cəsarətli, kəsərli, vicdanlı yazılarıyla. Biz şeir yazanda, roman yazanda Elbrus da hamımızın bildiyi həqiqətləri birbaşa yazıb, bəlkə də bizim hamımızdan faydalı işlə məşğul olub. Bu yazıların hamısı adlı-ünvanlı yazılardır və ürəkdən tikan çıxaran yazılardır. Onun xarakterindəki dəli-doluluq yazılarına da sirayət edib.

Mən Elbrusu çox vaxt kənardan müşahidə etmişəm, bilmirəm, nədənsə biz çox yaxın olmamışıq. Kənar müşahidələrimə əsasən deyə bilərəm ki, mən onu bir yerdə qərar tuta bilməyən, həmişə harasa tələsən, deyib-gülən, zarafatcıl, inandığı həqiqətdən heç vaxt vaz keçməyən adam kimi tanımışam. Bir-iki dəfə hansısa yazıyla bağlı ona zəng vurub xahiş etmişəm və heç vaxt xahişimi yerə salmayıb. Hətta bir dəfə yeni kitabım çıxanda mənə yazmışdı ki, kitabdan bir hekayə yolla, saytda verək. Yolladım, verdi. Bu diqqəti də unutmuram. Həmkarına qarşı diqqətin özü yazar üçün çox böyük mənəvi keyfiyyətdir və bu keyfiyyət bizim bir çox yazarlarımızda yoxdur. Əslində mən bunu başqalarından gözlədiyim halda qəfildən, gözləmədiyim anda Elbrusun bu diqqəti məni bir az təəccübləndirdi, həm də sevindirdi.

Elbrusun kitabı bizim həyat hekayətimizdir, bu kitabda cəmiyyətin bütün ağrıları, problemləri öz əksini tapıb. Hər kəs bu kitabda özünü görə bilər. Mən bir neçə yerdə özümü gördüm və diksindim. Siz də oxuyun, kitabın səhifələri arasında mütləq özünüzə rast gələcəksiniz...

aznews.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: