Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” Türkiyədə xəbər telekanalı açır. Virtualaz.org Türkiyə telekanallarına istinadən xəbər verir ki, şirkət İstanbulda “Cine 5" və ”Kanal 6" telekanallarının ofisinin yerləşdiyi binada 3 aydır ki, intensiv hazırlıq işləri aparır. Bina son texnologiya əsasında tamamilə yenilənib. Türkiyə mənbələri “Global Media” şirkətinin 8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyini bildirir.
Xəbərə görə, media qrupu Türkiyədə uzunmüddətli biznes qurmağı planlaşdırır və yeni açacağı telekanala məşhur aparıcıları, jurnalistləri cəlb etməyə hazırlaşır. Şirkətin yaxın günlərdə kadrları cəlb etmək üçün danışıqlara başlayacağı bildirilir.
Yeni açılacaq xəbər kanalının adı TR24 olacaq və NTV, CNN Türk, Habertürk kimi aparıcı xəbər kanalları ilə rəqabətə girəcək.
İnternet mənbələrində göstərilir ki, “Global Media” 2001-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətdir. 2007-ci ildə şirkət Azərbaycanda rəqəmsal yayım və çap biznesi sahəsində fəaliyyətə başlayıb. Habelə Türkiyədə serial biznesinə girib. Tərkibində sərgi və reklam biznesi ilə məşğul olan “AzExpo” LLC, çap biznesi ilə məşğul olan “Global Print” şirkətləri var.
Türkiyədəki qaynaqlardan virtualaz.org-a məlum olub ki, “Global Media” qrupu bu ölkədə açmağa hazırlaşdığı xəbər telekanalı üçün indiyə qədər azı 4 milyon dollar xərcləyib, daha bir neçə milyon dollar da xərclənməsi nəzərdə tutulur.
Türkiyənin media sektoru reklam bolluğuna görə gəlirli biznes sahəsi hesab edilir. Lakin Azərbaycan şirkətinin bu sektorda rəqabətə nə dərəcədə davam gətirəcəyi hələ məlum deyil.
“Hürriyyət” qəzetinin məlumatına görə, “Global Media”nın rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti Azərbaycan mediasına tanış adlar olmada da, baş müdir Məmməd Gülməmmədov ölkə.az saytının baş redaktorudur. Bu baxımdan istisna olunmur ki, “Global Media”nın sahib olduğu 4 internet portalından biri məhz “Ölkə.az”dır və bu şirkətin arxasında da həmin saytı maliyyələşdirən şəxslər dayanır. Qəzet eyni zamanda yazıb ki, sözügedən media qrupu Türkiyədə uzunmüddətli biznes qurmağı planlaşdırır və yeni açacağı telekanala məşhur aparıcıları, jurnalistləri cəlb etməyə hazırlaşır. Şirkətin yaxın günlərdə kadrları cəlb etmək üçün danışıqlara başlayacağı bildirilir.
Heyətlə bağlı mediada yayılan ilkin xəbər isə odur ki, “Global Media”nın İdarə Heyətinin rəhbəri Elnur Abdullayev, idarə heyətinin üzvü Qazi Karabağ, baş müdir Məmməd Gülməmmədov, izləyici təmsilçisi Ləman Çakır, səlahiyyətli müdir Zübeyir Erdindir.

“Ölkə.az” saytının rəhbəri Məmməd Gülməmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu xəbərlərlə bağlı geniş açıqlaması olacaq.


