“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 26-cı turunda “Neftçi”ylə oyundan (0:1) sonra mətbuat konfransı keçirib.
Qol.az-ın xəbərinə görə, əvvəlcə oyunla bağlı fikirlərini açıqlayan mütəxəssis rəqib təbrik edib:
- Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Yaxşı futbol izlədik. Hər halda, meydanda mübarizə var idi. Məğlub olmaq istəmirdik. Komandada qalib əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdır. Neçə oyundu uduzmurduq. Buna görə, komanda daxilində bir həyəcan var idi ki, hər an uduza bilərik”.
- Coşqun Diniyevin əvəzlənməsi qol epizodunda yol verdiyi səhvə görə idi?
- Qoldan başqa da bəzi səhvləri var idi. Eyni səhvlərin təkrarlanmaması üçün onu əvəzlədim.
- Riçard Almeydanın oynamamasının səbəbi nə idi?
- O, həm zədəlidir, həm də sarı vərəqəsi var idi.
- Futbolçuların şəxsi həyatına nəzarət barədə nə deyə bilərsiniz?
- Bu barədə məlumat verə bilmərəm.
- “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının milliləşdirilməsi ilə bağlı məlumatlar nə dərəcədə həqiqətəuyğundur?
- Bu barədə mənim məlumatım yoxdur. Ancaq hansısa mövqedə problem olsa, ola bilsin bu addımı nə vaxtsa ata bilək.
- “Qəbələ” ilə son turdakı oyunun Bakıda keçirilməsi ehtimalı var...
- Bu barədə məndə heç bir məlumat yoxdur.
- Oyunun sonunda Ramil Şeydayev və Miçel arasında gərginlik yaşandı. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən belə bir şey görmədim. Hamı burda öz yerini bilir. Futbolçular özündən böyüyə hörmət edirlər. Məncə, ciddi heç nə yoxdur.
- Çempionluğu təmin etmisiniz. Ola bilər ki, bəzi legionerləri vaxtından əvvəl istirahətə göndərəsiniz?
- Ola bilsin, milli komandanın üzvlərinə bir qədər tez icazə verdim.


