banner
banner

Səbəbləri düşünərkən...

Səbəbləri düşünərkən...
Yazar: Rəşad MƏCİD

Kinodramaturq Rüstəm İbrahimbəyovun son günlər ciddi müzakirələrə səbəb olan “Qafqaz üçlüyü” adlı filminə ictimaiyyət nümayəndələrinin qəzəbi və hiddəti təbiidir. 

Bu dəfə də tanınmış bir yazarımız xalqımızı öz filmində aşağılayıb və emosiyalar tarıma çəkilib. Əkrəm Əylislinin qalmaqallı “Daş yuxuları”na bir neçə il öncə ictimaiyyətin kəskin münasibət göstərdiyi hələ də unudulmayıb. Bu gün də Rüstəm İbrahimbəyova qarşı eyni qəzəb və hiddət var.

Əslində, bu iki tanınmış yazıçının belə addım atmalarının səbəbləri çox düşündürücüdür. Axı, onların öz xalqına qarşı belə sayğısızlıq nümayiş etdirmələrinin kökündə nə dayanır? Bu, içdən gələn qəzəbdir, ya nifrət? Yoxsa kənara hesablanmış, guya özünü humanist göstərmək niyyəti? Ya bəlkə hansısa mükafat qazanmaq ehtirası?

Bu mənada, “Qafqaz üçlüyü” filmi ilə bağlı məsələni gündəmə gətirən kinorejissor Ayaz Salayevin dediklərinə tam haqq qazandırmaq olar: “Filmdəki personajlardan biri “Ermənilər bizim 1 nömrəli düşmənimizdir”, deyir. Bununla da filmin müəllifi bizə aydın şəkildə anlatmaq istəyir ki, Qarabağ münaqişəsinin əsas səbəbini nədə görür. Səbəb əsla heç də Azərbaycan torpaqlarının işğalı deyil, - yeri gəlmişkən, filmdə bu haqda bir kəlmə də deyilmir, - İbrahimbəyova görə, səbəb azərbaycanlıların ermənilərə qarşı izaholunmaz nifrətidir. Hansı baxış bucağı ki, Rusiya KİV-lərində geniş yayılıb və israrla ictimai şüura yeridilir. Əlbəttə ki, belə bir şeyi azərbaycanlının dilindən eşitmək qat-qat “qiymətli”dir. Belə bir xidmət isə açıq-aşkar təşəkkür almağa, filmdə onun müəllifinin təltif olunduğu alqışlara hesablanıb”.

Tarix heç vaxt öz xalqını, millətini aşağılayan, həqiqəti hansısa maraqlara qurban verən yazarları yaşatmayıb. Öz xalqını aşağılayan yox, əksinə, onun qüsur və çatışmazlıqlarını sevgiylə, canıyananlıqla qələm alan yazıçıları yaşadır tarix. Necə ki, son illərin məşhur yazıçıları Xalid Hüseyni və Varis Dirie öz xalqlarının qüsurlarını, eybəcərliklərini əsərlərində qələmə alıblar, müvafiq olaraq əfqanların, somalilərin qüsurlarını qabardıblar. Amma onlar bunu öz xalqlarını mənən sındırmaq, gözdən salmaq, əzmək hesabına  yox, əksinə, xalqlarına sevgi, mərhəmət duyğularıyla ediblər. Fikrimcə, bu əsərlərin dünyada geniş oxucu marağı ilə qarşılanması həm də bu məqamlarla bağlıdır. Oxucu xalqın adət-ənənələrindəki qüsurları görür və onlara acıyır, müəlliflərə isə ehtiramla yanaşır.

Rüstəm İbrahimbəyovun filmi də, Əkrəm Əylislinin “Daş yuxular”ı kimi, öz xalqını mənfi qələmə verməyə, başqa milləti – erməniləri isə üstün göstərməyə hesablanlıb. Bu mənada, həmin əsərlərin xalqın hiddətinə səbəb olması təbiidir. Hesab edirəm ki, belə əsərlər heç dünya oxucularının, tamaşaçılarının nəzərində də uğur qazana bilməz. Heç bir cəmiyyət öz xalqını təhqir edib, başqa xalqı uca tutan yazıya, filmə bəraət qazandırmaz. Belə əsərlər yalnız siyasi maraqlara, ayrı-ayrı adamların bir “sağ ol”una və düşmən xalqa yarınmağa yönəlib. Bu cür çirkin niyyətlər isə xalqın yaddaşından silinmir, hər zaman ikrahla xatırlanır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: