Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə güllə atıldı. Bu güllə əslində Azərbaycana, dövlətçiliyə atılan güllədir. Bu öz yerində. Məni öncəliklə düşündürən bu oldu ki, nədən bu güllə Elmar Vəliyevə atıldı? İlk səbəb kimi bunu deyim ki, Elmar Vəliyev ən bacarıqlı icra başçısı olub və hələ Yevlaxda icra başçısı olan zaman mümkün olmayanları etdi. Buna görə də Prezident İlham Əliyev onun bacarığını nəzərə alaraq Gəncə kimi strateji bir şəhərə icra başçısı təyin etdi. Bununla da bir daha Elmar Vəliyev Prezidentə sədaqətliyini sübut etdi və Gəncə hazırda ən çox inkişaf etmiş şəhərdir. Düşünürəm ki, Elmar Vəliyevə atılan güllə adi güllə deyil və bunun arxasında dövlətə zərbə vurma niyyəti güdülür.
Məni düşündürən ikinci məqam atılan güllədən sonra sosial şəbəkələrdə bəzi qrupların təxribata əl atma istəkləri oldu. Belə ki, bəziləri təxribata əl ataraq gəncəlilərin ayağa qalxmağa və atəş açanı dəstəkləyəcəklərini bildirdilər. Bu isə açıq təxribat və açılan güllədən yararlanmaq istəyənlərin olduğunu ortaya çıxartdı. Amma məni bir sual düşündürdü, gəncəlilər nəyə görə ayağa qalxıb bir cinayətkarı dəstəkləməlidirki? Yadıma Sürət Hüseynovun ümumilli lider Heydər Əliyevin əleyhinə işlər gördüyü zaman səslənən fikirlər düşdü. Onda da kimlərsə belə təbliğat aparırdılar ki, gəncəlilər ayağa qalxıb, Sürət Hüseynovu dəstəkləyəcəklər. Bəs nə oldu? O oldu ki, Azərbaycan xalqının bir parçası olan gəncəlilər bir nəfər kimi Heydər Əliyevə dəstək verdilər. Bu gün də əminəm ki, gəncəlilər hər zaman olduğu kimi bu gün də Prezident İlham Əliyevi dəstəkləyir və Prezidentin səlahiyyətli nümayəndəsinə güllə atan bir cinayətkara arxa ola bilməzlər.
Məni düşündürən üçüncü məqam cinayətkarı Milli Qəhramana çevirmək istəyənlər də tapıldı. Amma bir sual verirəm həssas bir məqamda, hər an müharibənin başlana biləcəyi bir məqamda Prezidentin səlahiyyətli nümayəndəsinə güllə atan necə Milli Qəhraman ola bilər? Olsa-olsa bu şəxs Azərbaycana arxadan zərbə vurmaq istəyən birisidir. Hesab edirəm ki, bu olaydan siyasi maraqlar üçün istifadə edənlər heç vaxt niyyətlərinə çata bilməzlər.
Sonda Elmar Vəliyev kifayət qədər peşəkar bir kadrdır və hər zaman dövlətinə sədaqətli olub. Ona açılan atəş isə bu sədaqəti sarsıda bilməz. Bu atəş həm də göstərdi ki, Azərbaycan xalqı hər zaman həssas olmalı və xalqla hakimiyyət arasındakı səmimiyyətin atəş səsiylə zədələnməsinə imkan verməməlidir,
Asəf Novruzov (cia.az)


