Atalar düz deyirmiş: “Çıxmayan cana ümid çoxdur”.
Adətən, ağır qəzalarda, qalmaqallı sui-qəsdlərdə belə ifadələr keçir: “...təcili şəkildə xəstəxanaya götürülüb”.
Əgər ilk xəbərdə “yerindəcə ölüb” ifadəsi səslənmirsə, o zaman xəstəxanaya götürülənin həyatda qalmaq şansı artıq yüzdə əllidir.
Əlbəttə, xəstəxanaya aparılarkən yolda, təcili yardım avtomobilində ölənlər də olur, əməliyyat masasında keçinənlər də.
Ancaq təcrübə göstərir ki, vaxtında xəstəxanaya çatdırılan ağır yaralını xilas etmək mümkündür. Müasir tibbin imkanları buna çatır.
O vaxt məşhur müğənni İbrahim Tatlısəs ağır güllə yaraları alandan sonra belə olmuşdu. Onun yerində kimsə kasıb, adi biri olsa, öləcəkdi. Ancaq onu vaxtında klinikaya çatdırdılar və həkimlər müğənninin həyatını xilas etdilər. Sonradan onu milyonlar hesabına ölkə-ölkə gəzdirdilər, dəfələrlə əməliyyat etdilər, sağlamlığını tam bərpa edə bilməsələr də, əlil kreslosunda diri-zarıncı olmağa da qoymadılar.
51 gün öncə sui-qəsdə məruz qalmış Elmar Vəliyevin - Gəncənin İH başçısının başına da bənzər hadisə gəldi. O da ağır yaralanmışdı, hətta öldüyü barədə xəbərlər çıxmış, ciddi saytlar belə bu xəbəri tirajlamışdı.

Ancaq sonrakı saatlarda məlum oldu ki, Vəliyevi klinikaya çatdırmaq mümkün olub və həkimlər onun həyatına olan təhlükənin ağırlaşmasına imkan verməyiblər.
İlk başda nədənsə çoxları, xüsusilə də sosial şəbəkə fəalları Elmar Vəliyevin sui-qəsddən salamat qurtulduğuna, ağır yaralansa da, həyatda olduğuna inanmaq istəmirdilər.
Bu hər nə idisə, psixoloji məsələydi, alt qatına varsaq, izahı var.

Adam sağdır, yaxınları “öldü” xəbərini təsdiqləmir, amma minlərlə adam dirəşib ki, yox, xalqa yalan məlumat verirlər, əslndə İH başçısı ölüb. “Həqiqəti gizlədirlər” – başlıca qənaət beləydi.
Bu, ondan irəli gəlirdi ki, Vəliyevin İH başçısı kimi fəaliyyətindən narazı olanların arzusu belədir və onlar məhz öz düşündüklərinin təsdiqini istəyir və gözləyirlər.
Birdən-birə o qədər adamın məhz bu düşüncədə olması isə, artıq psixoloji məsələ deyildi, siyasi motivli hadisəydi. Demək, Vəliyev öz fəaliyyəti ilə Gəncədə və ondan kənarda bir xeyli düşmən də qazanıbmış.
Ancaq onun həyatda olması barədə xəbər yayan məşhur telejurnalist Mirşahinin o qədər ağır şəkildə söyülməsi, təhqir edilməsi absurd idi.

Söyənlər şübhələnirdi ki, telejurnalistin ağzıyla xalqa yalan sırıyırlar.
Yaxşı, tutaq ki, eləydi, bəs məqsəd nəydi? Adam həyatda yoxdursa, bu həqiqəti nə vaxta qədər saxlamaq mümkün olacaqdı? Bu da Əbubəkir əl-Bağdadi deyil ki, 3-4 ildir həyatda olub-olmadığı bilinməsin.
Budur, Elmar Vəliyevi xəstəxana palatasında yemək yediyi yerdə görüntüləyən video yayılıb. İlk başqa bu videodakı kepkalı şəxsin Vəliyev olub-olmadığı dəqiq deyildi, oxşayırdı da, oxşamırdı da. Ancaq sonradan təsdiqləndi ki, bəli, özüdür və görüntülərə nəzərən demək olar ki, onun cansağlığı yerindədir.
İndi də başqa söhbətlər var. Görüntülənən şəxsin E.Vəliyev olması şübhə doğurmadığından indi də deyirlər ki, bu, köhnə videodur.
![]()
Yenə də bu iddiada məntiq yoxdur. Lap tutaq ki, bu video 2 ay, 1 il əvvəl çəkilib. O zaman sap-sağlam olan Vəliyevin bu videonu çəkdirməkdə məqsədi nəymiş? İndiki məqsədi aydındır: dostlarına, düşmənlərinə mesaj verir ki, sağ-salamat, ayaqdayam.
Bu hadisə bir neçə mətləbdən xəbər verir: Birincisi odur ki, insanlar mənfi enerji ilə, nifrətlə yüklüdürlər və bu, onlara həqiqəti oduğu kimi qəbul etməyə imkan vermir. Bu cür adamlar çox zaman arzularını reallıq kimi qələmə verir və ona inanaraq dərindən yanılırlar.
İkinci mətləb isə sırf vəzifə başında olan məmurların menyusunadır. Onlar elə işləməlidirlər ki, başlarına bu və ya digər səpkili xoşagəlməz hadisə gələndə çoxluq onlara duaçı olsun, pis aqibət arzulamasın.
Sonda yenə müdrik ataların kəlamına sığınaq: “Hər bəd işdə bir xeyir var”. Ümid edək ki, bu xoşagəlməz hadisədən hər kəs bir dərs götürüb.
Musavat.com


